Son yeniləmə: 14 Sentyabr 2023 13:48
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsində 18 kitab üçün təqdimat keçirilib.
Denizli Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda keçirilən yığıncağa bələdiyyə sədri Osman Zolan, əsər müəllifləri və qonaqlar qatılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, təqdimat mərasimindəki çıxışında Osman Zolan, Denizli Böyükşəhər Bələdiyyəsi olaraq, infrastrukturdan üst quruluşa, nəqliyyatdan yaşıl sahələrə qədər vətəndaşların bütün ehtiyaclarına uyğun xidmətlər göstərməyə davam etdiklərini söyləyib. O, bələdiyyə xidmətləri ilə yanaşı, şəhərin mədəniyyətini üzə çıxaracaq, gələcək nəsillərə ötürəcək və şəhər yaddaşına töhfə verəcək əsərlərin nəşrinə də çalışdıqlarını bildirib: “Denizli ilə bağlı bir çox sahədə tariximizin, coğrafiyamızın, sosial və mədəni dəyərlərimizin yazılmasını arzu edirik. Yazıçılarımız, şairlərimiz, müəllimlərimiz indiyədək çoxlu işlər görüblər. Gələcəkdə bəlkə də ən dəyərli irsimiz olacaq əsərləri şəhərimizə qazandırmağa çalışırıq. Bu işdə əməyi keçən müəlliflərə təşəkkürümü bildirirəm”.
Çıxışın ardından Denizli Böyükşəhər Bələdiyyəsinin şəhərin dəyərlərini izah edən və keçmişlə gələcəyi bir araya gətirəcək 18 əsəri özündə əks etdirən mədəniyyət nəşrləri təqdim olunub.
Müəlliflər bir-bir çıxış edərək əsərlərini açıqlayıb və dəstəyinə görə bələdiyyə sədri Osman Zolana təşəkkür ediblər.
Bununla da Mədəniyyət və Turizm Nazirliyinin arxivində yer alan Denizli Böyükşəhər Bələdiyyəsinin mədəniyyət nəşrlərinin sayı 208-ə çatıb.