Press "Enter" to skip to content

“Xalçalarda musiqi” adlı sərgi olacaq

Xalçalarda musiqi

BAYRAQDAR MEDİA – Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir. Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərinin xalça naxışları ilə mükəmməl ahəngi əksini tapıb. Milli Musiqi Günü münasibətilə təşkil ediləcək konsert proqramı isə muzeyin Uşaq şöbəsi və Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə olacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək”.

Qeyd edək ki, sərgi sentyabrın 28-dək davam edəcək.

Mission News Theme by Compete Themes.