BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Qırğızıstan Azərbaycanın Qarabağ bölgəsi ətrafında baş verən hadisələrlə bağlı birmənalı mövqe sərgiləyib. Qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək Azərbaycanın BMT səviyyəsində tanınan sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.
Ermənilərin Qarabağla bağlı pozucu və qanunsuz əməlləri Qırğızıstan ictimai rəyini də narahat edir. Bu baxımdan paytaxt Bişkekdə fəaliyyət göstərən “Azərbaycanın Qırğız Dostları” Klubunun prezidenti, ictimai xadim Assol Moldokmatovanın açıqlaması diqqət çəkir.
A.Moldokmatova Azərbaycanın Trend Agentliyinə verdiyi açıqlamada bildirib ki, “Qarabağda sözdə “prezident seçkisi”nin keçirilməsi beynəlxalq hüquqa zidd pozucu və təxribatçı addımdır”
O, qeyd edib ki, belə bir pozucu addım Qarabağda çətinliklə əldə edilmiş dincliyə mənfi təsir edə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını poza bilər.
A.Moldokmatova vurğulayıb ki, Qırğızıstan 2020-ci ildə Azərbaycanın möhtəşəm qələbəsi nəticəsində torpaqların Ermənistanın işğalından azad edilməsindən sonra əldə olunan razılaşmaları alqışlayıb. O, xatırladıb ki, Qırğızıstan XİN də bu məsələylə bağlı bəyanat verərək Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.