Press "Enter" to skip to content

Özbəkistanda Şuşaya aid poçt markası buraxılıb

Sözügedən marka

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü ilin digər əhəmiyyətli hadisəsi – Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistanda Şuşaya həsr olunmuş xüsusi xatirə poçt markasının buraxılması layihəsini həyata keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə qeyd edilir ki, ””Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti (“Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı”)” adlı poçt markasının buraxılışı layihəsinə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərib. Həmçinin markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub. Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirləri, şairləri, tanınmış Şuşalılar, Azərbaycanın milli musiqi alətləri (qaval, tar, kaman) və s. kimi milli mədəniyyəti əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan «Xarıbülbül» çiçəyinin rəsmi əksini tapıb”.

Sonra xəbərdə bildirilir ki, “TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və hər iki ölkənin Mədəniyyət Nazirliklərinin dəstəyi ilə Özbəkistanda “Şuşa günləri” tədbirləri keçirilib, Vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılıb, Qarabağa – Şuşaya Özbəkistan KİV nümayəndələrinin media-turları təşkil edilib. Yaxın zamanda isə şəhərə dair bir neçə aparıcı dildə ensiklopedik nəşr də çap ediləcək. Sözügedən layihələrin ilin sonuna qədər davam edəcəyi vurğulanır”.

Qeyd edək ki, poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeylərinə, eləcə də hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, Daşkənddə və Bakıda təqdimat mərasimləri keçiriləcək.

Mission News Theme by Compete Themes.