Son yeniləmə: 13 Sentyabr 2023 21:19
BAYRAQDAR MEDİA – Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında dost Pakistandan gəlmiş bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Pakistanın İdman Yazarları Federasiyası ilə əməkdaşlığı çərçivəsində Bakıda səfərdə olan qonaqları salamlayan MŞ sədri Rəşad Məcid onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.
“MŞ sədri bildirib ki, Azərbaycanda medianın vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Qurumun beynəlxalq əlaqələrindən söz açan MŞ sədri bu təmasların əsasən xarici media orqanlarının qabaqcıl təcrübəsinin mənimsənilməsinə, o cümlədən, söz və ifadə azadlığı ilə bağlı tendensiyaların öyrənilməsinə yönəldiyini deyib.” Xəbərdə belə deyilir.
Daha sonra qeyd edilir ki, “MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət və Hacıbəy Heydərli qonaqları beynəlxalq əlaqələrdəki spesifik məqamlara, habelə ölkəmizdə sosial medianın durumuna, Şuranın mövcud istiqamətdəki fəaliyyətinə dair xüsusiyyətlər barədə məlumatlandırıb. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şikayətlərin araşdırılması prosedurundan söz açıb. Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı yaşlı jurnalist nəslin təcrübəsinin gənc media mənsublarına çatdırılmasındakı spesifik fəaliyyət tərəflərinə diqqət çəkib”.
O da bildirilir ki, “Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən söz açıb, onların zəngin səfər proqramının müxtəlif detallarını açıqlayıb. O, eyni zamanda rəhbərlik etdiyi qurumun idman sahəsindəki beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında da məlumat verib. Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə Pakistanın idman jurnalistlərinin Azərbaycan mediası ilə bağlı çoxsaylı sualları cavablandırılıb”.