Press "Enter" to skip to content

ABŞ dövlət katibinin açıqlaması: Necə oxumalı?

Azər Həsrət

BAYRAQDAR MEDİA – Sentyabrın 10-da ABŞ dövləti katibi “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” başlıqlı açıqlama ilə çıxış etdi. Açıqlama Azərbaycanda ümumilikdə müsbət qarşılansa da bəzi məqamları tənqidə tuş gəldi və gəlməli idi də. Biz də düşündük ki, o açıqlamanın müsbət və mənfi yönləri, ümumiyyətlə necə oxunması/qəbul edilməli olması ilə bağlı fikirlərimizi paylaşaq.

Hər şeydən öncə ondan başlayaq ki, ABŞ hələ də Azərbaycanın ərazi vahidi Qarabağın adıyla bağlı sayğısızlıq edir. Bu, belə olmamalıdır. Artıq Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi vahidi yoxdur və ABŞ da zəhmət çəkib buna uyğun ifadədən istifadə etməlidir. O baxımdan düşünürəm ki, Azərbaycan XİN ABŞ səfirini dəvət edib məhz bu məqamla bağlı ona nota təqdim etməlidir.

İkinci bir məqam: deyilir ki, “ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır”.

Əlbəttə, biz bunu təmkinlə qarşılaya bilərik. Amma ABŞ haradan belə əmindir ki, Qarabağda doğrudan da humanitar vəziyyət sürətlə pisləşir? Pisləşirsə, ermənilər niyə Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etmir?

Bu suallar yaranacaqdı ki, açıqlamanın növbəti cümlələrində obyektiv və məqbul məqamların qeyd edilməsi həmin suallarsız keçinməyə imkan verir: “Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik”.

Əla! Eynən Azərbaycanın mövqeyidir bu! Bəli, Azərbaycan da artıq aylardır ki, ermənilərə və onların havadarlarına izah etməyə çalışır ki, həm Ağdam, həm də Laçın istiqamətindən yollar eyni zamanda açılmalıdır. Amma ermənilər və havadarları Azərbaycan dövlətinin öz suveren ərazisindəki yurisdiksiyasını heçə sayıb qəbuledilməz tələb irəli sürürlər: yalnız Laçın yolu açılmalı, Ağdam yolu açılmamalıdır. Elədirsə, onda gözləsinlər hələ.

“Biz həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırırıq. Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir.” Açıqlamanın bu məqamı ilə bağlı Azərbaycanın hər hansı bir problemi yoxdur. O baxımdan bunu da məqbul saymaq olar.

“Güney Qafqazda son vaxtlar gərginliyin artması fonunda ABŞ layiqli və davamlı sülhə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləməkdə davam edəcək. Biz bir daha bildiririk ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır.” Hə, burada bir balaca xaric not var. Azərbaycan zatən bütün məsələləri Ermənistanla masa arxasında həll etməkdə nəinki maraqlıdır, üstəlik bunun təşəbbüskarıdır. Amma üçüncü tərəflər hər dəfə bu məsələyə bir “3-cü tərəf” də qoşmağa çalışır ki, bu da işi divara dirəyir. Yəni ABŞ-ın “Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi”nə vurğu etməsinə heç gərək yoxdur. Ona görə ki, Azərbaycan birmənalı olaraq bu məsələdə təminat verib. Yəni heç müzakirəsinə belə gərək yoxdur. Çatışmayan tək şey Ermənistanla sülh müqaviləsidir. Onu imzalamaqla iki dövlət arasında normal münasibətlərin qurulmasının əsası qoyulacaq.

“Biz həmçinin Bakı ilə Dağlıq Qarabağ sakinləri arasında dialoqu təşviq edirik.” Nə gözəl. Bu məsələdə Azərbaycanla eyni mövqedən çıxış etməsi ABŞ-ın məsələnin həllinə konstruktiv yanaşması anlamına gəlir. Azərbaycan bu yöndə dəfələrlə təşəbbüs etsə də nə yazıq ki, ermənilər bundan qaçıblar. Ona görə də ABŞ-ın birbaşa Qarabağ ermənilərinə çağırış etməsi lap yerinə düşərdi.

“Birləşmiş Ştatlar bir daha təsdiq edir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır.” Tam doğru! Biz də elə düşünürük. Azərbaycan dövlətinin də mövqeyi məhz belədir. Amma…

Amma iş ondadır ki, Azərbaycanın ABŞ-la üst-üstə düşən bu mövqeyi təəssüf ki, Ermənistan tərəfindən yetərincə anlaşılmır. Yaxud da anlaşılır, amma onun havadarları, hər şeydən öncə Fransa, Rusiya, İran buna imkan vermir. Üstəlik də ABŞ-ın özü belə Azərbaycanın mövcud olmayan “Dağlıq Qarabağ” bölgəsi haqqında danışaraq Fransa, Rusiya və İranla eyni səfdə yer tutur…

Demək istədiyimiz odur ki, ABŞ-ın bu açıqlaması ümumilikdə müsbət qiymətləndirilə bilsə də bəzi məqamları açıq suallara səbəb olur. Ona görə də əgər ABŞ doğrudan da sülhə töhfə verib iki dövləti bir-birinə yaxınlaşdırmaq istəyirsə, hər şeydən öncə çağırışlarını Ermənistana və Qarabağdakı bölücü ünsürlərə yönəltməlidir. Ki, onlar artıq divarın qurtardığını – yolun sonuna gəlindiyini daha tez anlasınlar. Anlasınlar ki, məsələlər məhz Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Ona görə də vaxtı uzatmağın heç bir mənası yoxdur…

Mission News Theme by Compete Themes.