Son yeniləmə: 12 Sentyabr 2023 14:49
BAYRAQDAR MEDİA – Türkmənistanın Belçika Krallığındakı səfiri Türkmənistanın NATO-dakı missiyasının rəhbəri kimi etimadnaməsini Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqə təqdim edib.
Bu barədə salamnews.tm məlumat yayıb.
Bildirilib ki, “görüş zamanı Türkmənistanla NATO arasında əlaqələrin hazırkı inkişafı müzakirə olunub. Davam edən birgə iş kontekstində tərəflər təhsil sektorunda uğurla həyata keçirilən əməkdaşlıq proqramlarını qeyd edib və tərəflər üçün prioritet olan sahələrdə əlaqələri gücləndirməyə hazır olduqlarını bildiriblər”.
Məlumata görə, səfir Türkmənistanın daimi neytrallıq, sülhpərvərlik, mehriban qonşuluq münasibətləri və demokratiyaya əsaslanan xarici siyasətinin əsas prinsiplərini xüsusi qeyd edib: “Bununla yanaşı, Türkmənistanın NATO-dakı missiyasının rəhbəri kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi, fövqəladə halların idarə edilməsi, kibertəhlükəsizlik, hərbi tibb, terrorla mübarizə, narkotiklərin qanunsuz ticarətinə qarşı mübarizə, eləcə də hərbi mütəxəssislər üçün təlim proqramları sahəsində əməkdaşlığın vacibliyini açıqlayıb”.
NATO-nun baş katibi isə Türkmənistanın Mərkəzi Asiyada, xüsusilə regional sabitlik və təhlükəsizlik məsələlərində əsas tərəfdaş kimi rolunun vacibliyini qeyd edib. Eyni zamanda, ölkənin Əfqanıstana humanitar yardım göstərilməsi istiqamətində fəal fəaliyyəti vurğulanıb.