Son yeniləmə: 12 Sentyabr 2023 14:01
BAYRAQDAR MEDİA – Oslo şəhər meri Marianna Borqen yeni dərs ilinin başlanması münasibətilə Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbini ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Oslo meri Azərbaycan dili həftəsonu məktəbindəndən məlumat verilib.
Bildirilib ki, “görüşdə məktəbin müəllim-şagird heyəti, valideynlər və Norveçdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Azərbaycan dili dərsini maraqla dinləyən mer gələcək nəsillərin cəmiyyətin əsas aparıcı qüvvəsi olduğunu, şagirdlərin ana dilinin və mədəniyyətinin öyrənməsinin vacibliyini vurğulayıb, məktəblilərlə səmimi söhbət edib və onların suallarını cavablandırıb”.
Məlumata əsasən, məktəbin müəllimləri şəhər merinin diqqətini məktəbin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıdığına cəlb ediblər: “Qüdrətli söz ustadının “Azərbaycan poeziyasının günəşi” adlandırıldığı, Azərbaycanın və dünyanın bir çox şair və yazıçılarının Nizaminin yaradıcılığından bəhrələndiyi bildirilib. Sonra məktəb şagirdlərinin ifasında Azərbaycan və Norveç dillərində şeirlər, mahnılar səsləndirilib. Uşaqlar skripka və violonçelmusiqi alətlərində də ifa məharətlərini göstəriblər. Şagirdlərin yaradıcılığa meyli merdə böyük maraq doğurub və o, şagirdlərlə Azərbaycan ədəbiyyatı barədə fikir mübadiləsi aparıb”.
Qeyd olunub ki, sonra mer şagirdlərin valideynləri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatorluğunun və Oslodakı Azərbaycan icmasının üzvləri ilə toplantı keçirib: “İcmanı maraqlandıran məsələlər və mövzular ətrafında səmimi müzakirələr aparılıb. Dəvətə görə partiyadaşı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatoru Ramil Əliyevə təşəkkür edən mer bu görüşdən məmnun qaldığını bildirib və müzakirə olunan məsələlər haqqında araşdırma aparacağına söz verib”.
Yekunda məktəb şagirdləri tərəfindən merə Azərbaycan, Nizami Gəncəvi və məktəbin iki dəfə qonağı olmuş əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun həyat və yaradıcılığı barədə ingilis və norveç dillərində bukletlər təqdim edilib.
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.