Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov: Azərbaycanda səhiyyə sahəsinin rəqəmsallaşması tədricən genişləndirilərək, vətəndaşlara və bu sahənin işçilərinə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni texnologiyalar tətbiq ediləcək
BAYRAQDAR MEDİA – Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov rəqəmsallaşma sahəsində gələcək planlar haqqında məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “R.Hacıəlibəyov deyib ki, səhiyyənin rəqəmsallaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir və Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub, bu məqsədlə də dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq “Səhiyyə Transformasiya Mərkəzi” işçi qrupu yaradılıb”.
O, səhiyyənin rəqəmsallaşdırılması sayəsində həyata keçirilən bir sıra təşəbbüslər haqqında danışıb: “Bu sahədə “Rəqəmsal səhiyyəyə baxış” və “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” sənədləri hazırlanıb. Səhiyyənin rəqəmsallaşdırılması sayəsində həyata keçirilən bir sıra təşəbbüslərə baxmayaraq, bu sahədə xəstəliklərin diaqnostikası və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi informasiya-kommunikasiya texnologiyaların geniş tətbiqinə və spektrinin artırılmasına tələbatı daha da gücləndirir. Səhiyyənin rəqəmsallaşdırılması strategiyası vahid platforma üzərindən qərarların qəbulu prosesində mərkəzələşdirilmiş informasiya məkanına məlumatların daxil edilməsi nəticəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını təmin edən fundamental texnoloji yanaşmadır. Bu platformanın əsasını vətəndaşın elektron profili təşkil edir. Elektron profildə səhiyyə işçiləri üçün real vaxt rejimində əlçatan olan insanların bütün həyat dövrünü əhatə edən məlumatlar cəmləşdirilir. Bu, vətəndaşların sağlamlığının cari vəziyyəti haqqında informasiyaların toplanması, sonrakı təhlili, o cümlədən retrospektiv göstəricilər üçün əsas vasitədir. Bu da xəstəliklərin tarixinin daha mükəmməl təhlili, onların dəqiq diaqnozu, eləcə də tətbiq olunan müalicə üsullarının təkmilləşdirilməsi üçün mühüm rol oynayacaq. Bu məlumatlar həm də ölkə üzrə vətəndaşların çoxşaxəli sağlamlıq təhlili, qərarların dəstəklənməsi və real vaxt rejimində sahənin strateji planlaşdırılması üçün əsas olacaq”.
R.Hacıəlibəyov qeyd edib ki, ümumiyyətlə, kompleksli formada dövlət dəstəyi, rəqəmsal səhiyyə layihəsinin həyata keçirilməsi üçün düşünülmüş planın mövcudluğu və bütün tərəflərin daxil olmasını təmin etmək rəqəmsal səhiyyə xidmətlərinin ölkə daxilində həyata keçirilməsi prosesinin sürətləndirməsinə güclü təkan ola bilər.