Press "Enter" to skip to content

Rusiya rus dili bitən yerdə qurtarır…

Azər HƏSRƏT

Son yeniləmə: 11 Sentyabr 2023 09:52

BAYRAQDAR MEDİA – Bu mövzunu həmişə gündəmdə tuturam. Tutmağa da davam edəcəyəm. Çünki Azərbaycanda müstəqilliyin 32-ci ilində belə rus təsirinin qalması şəxsən məni çox narahat edir. Edəcək də.

Rus dilinin təsiri bizim gələcəyimiz üçün yerə basdırılmış minalardır. Bu minaların hazırda Qarabağda təmizləməkdə olduğumuz minalardan da heç fərqi yoxdur…

Mövzuya bu dəfə Azərbaycan Dövlət Kukla Teatrından giriş etmişdim. Biz BAYRAQDAR MEDİA olaraq həm də mədəniyyətə, teatra, musiqiyə də çox diqqətlə yanaşırıq. Ona görə də teatrların aylıq repertuarlarını tam olaraq dərc edirik. Əlavə olaraq da teatrların fəaliyyəti, tamaşalar haqqında da mümkün olduqca yazırıq.

Kukla Teatrı da balaca övladlarımızın formalaşmasında müstəsna rolu olan bir mədəniyyət ocağı kimi həmişə diqqət mərkəzimizdədir. O baxımdan onun repertuarına da diqqətlə nəzər salırıq, yayırıq. Və hər dəfə diqqətimizi bir məqam çəkir: repertuarın 50 faizi – yəni tən yarısı rus dilində tamaşalardan ibarətdir…

Kukla Teatrının yeni mövsümdə sentyabr repertuarı

Növbəti belə paylaşım da etmişdik ki, bəzi dostlarımız Teatrı 5-ci kolona işləməkdə ittiham etdi. Açığı, şəxsən mən bu düşüncədə deyiləm. Ən azından Teatrın rəbhərliyindəki şəxsləri bəzən qiyabi, bəzən də şəxsən tanıdığım üçün…

Amma fakt odur ki, repertuarın yarısı ruscadır…

…Buna Teatrdan aydınlıq gətirdilər. Bildirildi ki, gün ərzində oynanan 3 və ya 4 seansdan yalnız biri rusca olur. Düz deyirlər. Repertuarda da eynən o cür göstərilir. Amma bu yenə də o deməkdir ki, tamaşaların 50 faizi ruscadır.

Necə?

İzah edirik. Gün ərzində azərbaycan dilində olan tamaşa sadəcə 2 və ya 3 dəfə təkrar oynanır. Yəni eyni tamaşa. Rus dilində olan tamaşa isə bir dəfə. Bir az da dəqiqləşdirsək, gün ərzində bir tamaşa azərbaycanca, biri də rusca nümayiş olunur. Ona görə də repertuara baxanda tamaşaların düz yarısının rusca olduğu görüntüsü yaranır.

Amma hətta bu durumu Teatrın izah etdiyi kimi, 2 və ya 3 seans azərbaycanca, 1 seans rusca hesabıyla nəzərdən keçirsək, onda yenə də ortaya çıxan mənzərə heç də xoş olan deyil.

Necə?

Bir daha izah edək. Tutaq ki, gün ərzində eyni tamaşa 2 dəfə azərbaycanca, bir başqa tamaşa isə 1 dəfə rusca təqdim edilirsə, bunların cəmini 3-ə böləndə ruscanın payına 33,3 faiz düşür.

Eyni nisbəti bir tamaşanın 3 dəfə azərbaycanca, başqa tamaşanın 1 dəfə rusca oynanmasıyla nəzərdən keçirəndə isə sonuncunun payına 25 faiz düşür…

Bütün bunlardan sonra Azərbaycanda rus millətindən olan əhalinin sayına nəzər salaq. Son illərin rəqəmlərinə görə, onların sayı 120 min nəfərdən çox deyil. Yəni ümumi əhalinin yuvarlaq desək, cəmi 1 faizi! Bəs necə olur ki, bu 1 faizlik əhalinin qarşılığı olaraq teatrlarımızda ondan 25 (33,3) dəfə artıq nisbətdə rus dilində tamaşa oynanılır?..

Bunun da izahı var. Yeri gəlmişkən, elə Kukla Teatrından izah etdilər ki, rusca tamaşalara tələbat olduğu üçün belə bir nisbət alınır…

Tələb və təklif! Bəli, kapitalizmin qızıl qanunu! Budur rus dilini ayaqda tutan! Ona görə də özünümaliyyələşdirmə hesabına ayaqda duran bir teatrı deyil, o teatrdan rusca tamaşa tələb edən rus olmayanları araşdırmaq lazımdır! İlin-günün bu vaxtında bu 25 və ya 33 faizlik kəsimi (ümumi əhali sayımıza nisbətdə 2,5 milyondan 3,3 milyon nəfərədək əhali deməkdir bu) rusca tamaşaya sövq edən nədir?..

Bu sual bəzi adamlarda qıcıq doğura bilər. Amma tələsməyək, bir qədər səbirli olaq, izahını verəcəyik.

Biz heç bir millətə, o cümlədən də ruslara nifrət aşılamaq fikrində deyilik. Eyni zamanda heç bir dilin, o cümlədən də ruscanın öyrənilməsinə qarşı deyilik. Bizi narahat edən sadəcə odur ki, necə olur insanlarımız əl qədəri çocuqlarına ana dilimizi tam öyrətməmiş onları rus tamaşalarına çəkib aparmağa zərurət duyurlar?..

Hələ biz unutmayaq ki, rus dilinin yayılma arealı Rusiya dövləti üçün hava və su kimi lazımdır. O dövləti idarə edənlər açıq şəkildə deyir ki, harada rus dili varsa, ora bizimdir! Yəni Azərbaycanda rus dilinin belə yaşadılması həm də ölkəmizin Moskva mərkəzli qanlı imperiyanın iştaha dairəsində qalması deməkdir!

Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko: “Rusiya rus dili bitən yerdə qurtarır. Yəni Rusiya rus dili işlənən bütün əraziləri özününkü hesab edir. Onlar bunu qonşu dövlətlərə qarşı yumşaq güc, sonradan isə işğal üçün bəhanə, daha dəqiq desək, ölümcül silah kimi istifadə edir”.

Bütün bunları nəzərə alaraq, Azərbaycan dövləti bu cür məsələlərə çəki-düzən verməlidir. Teatrlarda rusca və başqa dillərdə tamaşalar oynana bilər. Amma daha bu qədər də yox. (Yeri gəlmişkən, başqa teatrlarda da rusca tamaşalara yer verilir.) Eyni zamanda kiçik yaşlı uşaqların, hətta deyərdim ki, 5-ci sinfə qədər şagirdlərin yalnız dövlət dilimizdə dərs alması məqsədəuyğun olardı. Yəni etnik kökənindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları 4-cü sinfi məhz azərbaycan dilində başa vurduqdan sonra hansısa xarici dildə, o cümlədən də rusca təhsili seçə bilər. Lakin burada da bir ayrıntıya mütləq diqqət yetirmək lazımdır: dövlət dilimizdən başqa istənilən dildə olan məktəblər dövlət tərəfindən maliyyələşdirilməməlidir.

Biz elə etməliyik ki, kimlərsə süni tələb yaradaraq teatrlarımızı, məktəblərimizi rus ideologiyasının yuvasına çevirə bilməsin…

Sonda: Kimsə çıxıb deyə bilər ki, qeyri-türk əsilli Azərbaycan vətəndaşlarının öz ana dillərini öyrənməsi necə olsun? Bunun üçün qanuni əsaslar var, onlara ibtidai siniflərdə öz dillərində dərslər keçilməlidir. Necə ki, biz ana türkcəmizin – azərbaycan dilinin qayğısına qalır, onun təəssübünü çəkirik, eləcə də hər bir etnik qrupun nümayəndəsi eyni haqqa sahibdir…

Mission News Theme by Compete Themes.