BAYRAQDAR MEDİA – Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq Azərbaycan mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan hərbi qulluqçularının sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə Azərbaycan mövqelərinə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb”.
Müdafiə Nazirliyi bildirib ki, bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyir. Həmçinin Nazirlik qeyd edib ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.