BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev sentyabrın 11-də Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün bu formatda keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
“Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirildi. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olundu, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulandı”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi. Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu”.