BAYRAQDAR MEDİA – Sentyabrın 14-də saat 19:00-da YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası: İbtidai icma quruluşunda qadın” adlı mühazirəsi olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “tədbir zamanı sərgidə nümayiş olunan paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, Tanrı və ilahələrin semantikasından bəhs ediləcək. Mühazirədə, həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışılacaq, hipotez və paradiqmalar təhlil ediləcək. Bildirək ki, Ə.Babazadə 2018-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətə başlayıb, 2022-ci ildə isə öz eksperimental arxeologiya laboratoriyasını yaradıb. O, bir çox elmi məqalələrin müəllifidir. Arxeoloq Azərbaycanda, həmçinin Yaponiya və Türkiyədə mühazirələrlə çıxış edib, arxeoloji qazıntı və araşdırmalar, habelə çöl tədqiqatları proseslərinə qatılıb”.
Qeyd edək ki, mühazirənin sonunda kiçik sual-cavab sessiyası keçiriləcək.