BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qorunan bir çox mövzuda nəşrlər var. Həmin nəşrlərdən biri də müəllifi memarlıq üzrə fəlsəfə doktoru, Əməkdar memar Ömər Qoçulu olan “Daşa dönmüş musiqi (Memarlıq haqqında söhbətlər)” kitabıdır.
Müəllifin bu kitabı memarlığa həsr olunub. Kitabın məğzini memarlıq haqqında söhbətlər təşkil edir. Nəşrin leytmotivi milli memarlığın ideya-bədii siqlətinin dərkindən, müasir dünya memarlığı nümunələrinin şərhindən, bir də gələcəyin memarlıq üfüqləri haqında düşüncələrdən ibarətdir. Bütün bunlar elmi-kütləvi səpkidə yazılaraq “Yurdun ulu daşları”, “Ustadlar”, “İncilər”, “Memarlığın “Göy qurşağı””, “Üç daş qoydum səndə dünya…” adlı beş bölmədə qruplaşdırılıb.
Kitab tələbələr, memarlar və incəsənətlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin redaktorları Prof. Niyazi Rzayev, memarlıq doktoru, Prof. Cəfər Qiyasi, rəyçiləri isə fəlsəfə elmləri doktoru, Prof. Camal Mustafayev və memarlıq doktoru, Prof. Nəriman Əliyevdir.