BAYRAQDAR MEDİA – Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Mustafa Kemal Atatürkün dəfn olunduğu məqbərə – Anıtkabiri ziyarət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq M.K.Atatürkün xatirəsini ehtiramla yad edib. K.Vəliyev xatirə kitabına ürək sözlərini yazıb. Sonra o, türkiyəli həmkarı ilə görüşüb. Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq şərəf kitabı imzalanıb. Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Türkiyənin Baş Qərargah rəisi qonaqları salamlayaraq iki qardaş ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ordu generalı Metin Gürak iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb”.
Sonra xəbərdə, “general-polkovnik K.Vəliyev türkiyəli həmkarına dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Qərargah rəisi Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Ölkələr arasında uğurla inkişaf edən əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı xüsusi vurğulanıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb” deyə bildirilir.
Sonda Azərbaycan nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti barədə brifinq təqdim olunub.