BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib”.
Ardından da Baş Qərargah rəisi Türkiyə milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
“Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib”, – deyə xəbərdə bildirilir.