Press "Enter" to skip to content

Azərbaycanlı ən yüksək səslə deputat seçildi

Əliş Məmmədov və Əkbər Qoşalı

BAYRAQDAR MEDİA – Qardaş Saxa-Yakutiya Respublikasında yaşayan tanınmış azərbaycanlı Əliş Məmmədov 10 sentyabr 2023-cü ildə keçirilən deputat seçkilərində qalib gəlib. O, bununla da ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümənin üzvü seçilib. Ə.Məmmədovun topladığı səs (84,53 faiz, 25 saylı Xanqala Seçki Dairəsi) Saxa-Yakutiya üzrə ən yüksək göstəricidir.

Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən şəxsin yaxın dostu, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu Əkbər Qoşalı verib.

Bildirilir ki, 1958-ci ildə Şəkinin Oraban kəndində anadan olmuş Ə.Məmmədov 1989-cu ildən “YakutSement”in baş direktoru vəzifəsində işləyir. O, Saxa-Yakutiya Respublikasının Əməkdar inşaatçısı, Respublikanın, habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin fəxri vətəndaşıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb. Ə.Məmmədov Saxa-Yakutiya Respublikasında xeyriyyəçi kimi də geniş şöhrət qazanıb.

“Doğma Azərbaycanın adını həmişə uca tutan Ə.Məmmədov, Saxa-Yakutiya Respublikası Azərbaycanlıları Diaspor Təşkilatının başqanı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri üzvüdür. O, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni işbirliyinin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini yaxından tanıtmaq sahəsində özünəxas xidmətlər göstərib. Hörmətli soydaşımızı parlaq qələbəsi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, iş avandlığı və yeni uğurlar diləyirik”, – deyə Ə.Qoşalının xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.