Press "Enter" to skip to content

QHT-dən “Sağlam gənclik – sağlam gələcək!”

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Sentyabrın 8-də “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Qaradağ Gənclər Evində “Sağlam gənclik – sağlam gələcək!” devizi altında tədbir keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan daxil olub.

Xəbərdə deyilir ki, “tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində təşkil edilib”.

Qaradağ Gənclər Evinin nümayəndəsi Şahmar Hüseynov açılış nitqində adı keçən Birliyin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin aktuallığını diqqətə çatdırıb.

“Daha sonra çıxış edən İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə və Qaradağ Gənclər Evinin heyətinə minnətdarlığını bildirib. O, qeyd edib ki, sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan gənclər evlərinin əsas benefisiarları olan gənclər üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsində böyük fayda var”, – deyə xəbərdə bildirilir.

“Təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər, əsasən də Hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.” Bu sözlər də Z. Nəbiyevaya aiddir.

Bildirilir ki, çıxışçı “xroniki xəstəliklərin müalicəsinə və yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından qat-qat baha başa gəlir. Əksər hallarda xronikiləşən xəstəlikləri uzun müddət, hətta ömür boyu nəzarət altında saxlamaq və müalicə etmək lazım olur. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin effektiv yolu önləyici profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə aparılmasıdır. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərimizi sağlam gələcək naminə viral hepatitlər, vərəm və QİÇS kimi xəstəliklərdən qorumaq üçün onlara zəruri bilgilərin verilməsidir”.

“Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər, eləcə də icbari tibbi sığorta xidmətlərindən istifadə qaydaları barədə ətraflı məlumatlar və tövsiyələr verib. Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.” Xəbərdə belə deyilir.

O da əlavə edilir ki, “vərəm xəstəliyi barədə təqdimatı isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb. Vərəmin sağalan xəstəlik olduğunu iştirakçıların diqqətinə çatdırıb. S.Muxtarova qeyd edib ki, vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır”.

Tədbir interaktiv şəkildə davam etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanıb.

Həmçinin, “Veysəloğlu Distribusiya” şirkətinin şəxsi gigiyena və təmizlik üzrə “Dex” markasının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr verilib.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə Qaradağ Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər də təqdim olunub.

Layihə çərçivəsində növbəti tədbirin Xəzər Gənclər Evində keçirilməyi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.