BAYRAQDAR MEDİA – Sentyabrın 8-də Qazaxıstanın sədrliyi ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu Şurasının 40-cı yubiley iclası keçirilib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirdə Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistanın səlahiyyətli orqanlarının və Şuranın İcraiyyə Komitəsinin nümayəndə heyətləri iştirak ediblər. Belarus və Monqolustan nümayəndələri isə müşahidəçi qismində tədbirə qatılıblar.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri E.Sagimbayev toplantı iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış edib. O qeyd edib ki, Şura yarandığı gündən ŞƏT-in inkişafına mühüm töhfə verib, regional və qlobal səviyyədə terrorizm, separatizm və ekstremizmə qarşı mübarizənin dəstək və əlaqələndirici mərkəzinə çevrilib.
Forumda terrorçuluğun maliyyələşdirilməsi kanallarının aşkar edilməsi və qarşısının alınması, habelə qanunsuz silah dövriyyəsi ilə mübarizə məsələləri müzakirə olunub. 2022-2024-cü illər üçün ŞƏT-ə üzv dövlətlərin terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramının icrasının aralıq yekunlarına nəzər yetirilib.
Tədbirdə həmçinin, qarşıdakı dövr üçün planlar müzakirə olunub. Bildirilib ki, internetdən terrorçu, separatçı və ekstremist məqsədlərlə istifadənin qarşısının alınması məqsədilə Hindistan Respublikası ərazisində seminar və birgə təlimin keçirilməsi nəzərdə tutulur.
Tərəflər, həmçinin, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş birgə layihələrin və digər tədbirlərin həyata keçirilməsinə dair yekun sənəd imzalayıblar.
Şuranın növbəti iclasının Çində keçirilməsi barədə razılıq əldə olunub.