Press "Enter" to skip to content

Bu gün Eskişehir Azərbaycan bayrağına bürünəcək

Son yeniləmə: 8 Sentyabr 2023 09:31

EsAzDer eskişehirlilərə müraciət edib

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, sentyabrın 8-də futbol üzrə Avropa çempionatının Türkiyə-Ermənistan oyunu olacaq. Bu arada UEFA tərəfindən həmin oyuna Azərbaycan bayraqlarının keçirilməsi qadağan olunub. Öz növbəsində Türkiyə Futbol Federasiyasının qərarına əsasən, sentyabrın 8-də Eskişehir Atatürk Stadionunda baş tutacaq oyuna Azərbaycan bayraqları buraxılmayacaq.

Qeyd edək ki, bu qərar qardaş ölkə əhalisini ciddi şəkildə narazı salıb. Elə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) də bu qərardan narazı qalıb. Hər iki qurum birgə qərar qəbul edib.

EsAzDer-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qərarda deyilir ki, “soydaşlarımız Türkiyə-Azərbaycan qardaşlıq bağlarının zərər görməməsi, həmçinin, ikinci Bursa olayının baş verməməsi üçün stadiona getməmək qərarına gəliblər”.

Xatırladaq ki, 2009-cu ildə də Bursa şəhərində Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağının qadağan edilməsi böyük səs-küyə səsəb olmuş, bəzi arzuolunmaz hadisələr yaşanmışdı.

Bundan başqa EsAzDer eskişehirlilərə müraciət edib. Müraciətdə “Dəyərli eskişehirlilər gün qardaşlıq bağlarının gücləndirilməsi günüdür. Gün dosta güvən, düşmənə gözdağı vermə günüdür. Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq siz dəyərli eskişehirlilərimizi Türkiyə-Ermənistan qarşılaşmasının olacağı 8 sentyabrda evlərinizə, maşınlarınıza, dükanlarınıza Türkiyə və Azərbaycan bayraqlarını birgə asmağı dəvət edirik. Bir bədəndə iki can, Türkiyə-Azərbaycan!”sözləri öz əksini tapıb.

Mission News Theme by Compete Themes.