Son yeniləmə: 8 Sentyabr 2023 10:42
BAYRAQDAR MEDİA – Almaniya Federal Məclisinin İnsan Haqları Komissiyasının üzvləri Dünya Uyğur Konqresi ilə birlikdə Doğu Türküstanda baş verənləri dünyaya çatdırmaq və xaricdə fəaliyyət göstərən Doğu Türküstan təşkilatlarına dəstək olmaq məqsədilə Uyğur Dostluq Qrupu yaradıblar.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Uyğur Dostluq Qrupunun rəhbəri Azad Demokratik Partiyasının (FDP) sədri Peter Heidt, keçən il parlamentari olaraq Tayvan və Yaponiyaya etdikləri səfərdə sürgündəki uyğurlarla görüşmək fürsəti əldə etdiklərinə diqqət çəkib. O, qeyd edib ki, sözügedən qrupun yaradılması ideyası məhz bu səfər zamanı yaranıb.
P.Heidt Doğu Türküstanda məcburi əmək, işgəncə və cinsi təcavüzün gündəlik həyatın bir parçası olduğunu bildirib: “Çin bildirir ki, oradakı düşərgələr təhsil məqsədi daşıyır, lakin sağ qalanlar yaşadıqları işgəncə və zorakılıqlardan danışırlar. Almaniyada azad şəkildə seçilmiş nümayəndələr kimi məsuliyyətimiz var. Biz səylərimizi davam etdirəcəyik ki, oradakı insanlar öz azadlığını bərpa etsinlər. Biz istəyirik ki, bu məsələ ilə bağlı uzunmüddətli araşdırmalar aparaq və məsələni parlamentin ümumi yığıncağına çıxaraq”.
Sosial Demokrat Partiyasının üzvü Derya Türk-Naçbaur bildirib ki, qurulan dostluq qrupu ilə uyğurlar artıq Almaniya parlamentində söz sahibi olacaqlar. O, Çinin bütün dünya qarşısında uyğur türklərinə qarşı törətdiyi insan haqları pozuntularına səssiz qala bilməyəcəklərini də vurğulayıb.