Press "Enter" to skip to content

Tanınmış Azərbaycan şairi özbəkcə Vikipediyada

Ahmad Javod

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan milli ideologiyasının əsas nümayəndələrindən biri, bədii fikrinin görkəmli siması, istiqlal şairi Əhməd Cavad haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Ahmad Javod” adlı bölmə istifadəyə verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “AMM-nin Vikipediya heyəti tərəfindən yaradılmış vikiməqalə ümumilikdə 5 bölmədən (15 yarımbölmə), zəngin ədəbiyyat siyahısından, keçidlərdən ibarətdir. Məqalədə Ə.Cavadın həyatı və yaradıcılığı, əsərləri ilə bağlı hərtərəfli, geniş məlumatlar, onun Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. əksini tapıb. Bölmədə qeyd olunur ki, şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanıb, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib. O, ilk şeirlərini klassik rübai, qəzəl formalarında yazıb. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var. Vikiməqalədə Ə.Cavadın yaradıcılığında xüsusi yer tutan “Çırpınırdı Qara dəniz”, “Göy-göl” və başqa şeirləri haqqında məlumat verilir, şairin yaradıcılığının şah əsəri hesab edilən Azərbaycanın Dövlət Himninin müəllifi olması xüsusi vurğulanır”.

“Ahmad Javod” adlı bölmədə qeyd olunur ki, qəlbi Vətən eşqi ilə yanan şair əsərlərində Vətənə və xalqına məhəbbətini əks etdirib, milli duyğuları dilə gətirib, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarıb.

Həmçinin məqalədə bildirilir ki, 30-cu illər Sovet repressiyası nəticəsində Azərbaycan xalqının ən istedadlı ziyalıları, söz ustaları, müstəqillik uğrunda böyük mübarizləri məhv edilib, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük zərbələr vurulub. Ə.Cavad da bu cür repressiya qurbanlarından biri olub.

Yaradılmış bölmədə Prezident İlham Əliyevin Ə.Cavadın yaradıcılığı və Azərbaycan ədəbiyyatında mövqeyinə dair fikirləri yer alıb: ”Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Ə.Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir”.

Bölmədə eləcə də şairin müəllifi olduğu dövlət himninin musiqi notu, onun özbək dilinə tərcümə olunmuş “Меn haqiqat sadosiman” adlı şeir kitabı haqqında məlumat və ədəbiyyat siyahısı verilib.

Mission News Theme by Compete Themes.