Son yeniləmə: 7 Sentyabr 2023 19:20
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev sentyabrın 7-də türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları – Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuzu qəbul edib. Qəbulda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib.
Prezident İlham Əliyev qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyəti təmsilçisinin də heyətdə olmasına ayrıca diqqət yetirərək deyib: “Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”.