Press "Enter" to skip to content

Azərbaycan xalçaları Almaniyada tanıdılır

Səfir Nəsimi Ağayev tədbirdə çıxış edərkən

Son yeniləmə: 7 Sentyabr 2023 10:44

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir

BAYRAQDAR MEDİA – Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 7-də səfirlikdən məlumat verilib.

Məlumata əsasən, sentyabrın 6-da sözügedən sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib:“Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib”.

Tədbir zamanı
Tədbir zamanı

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb: “Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib”.

Sərgi maraqla qarşılanıb
Sərgi maraqla qarşılanıb

Bildirilib ki, “tədbirdə həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman çıxış edib. Almaniya səfiri fəaliyyəti dövründə Azərbaycanda xalçaçlıq sənəti ilə bağlı əldə etdiyi təəssüratları tədbir iştirakçıları ilə bölüşüb. Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub”.

Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb
Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb

Tədbir çərçivəsində iştirakçılara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və bröşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub. Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları sentyabr ayının sonunadək avropalı xalça sevərlər üçün açıq olacaq, sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.

Mission News Theme by Compete Themes.