Son yeniləmə: 6 Sentyabr 2023 11:20
BAYRAQDAR MEDİA – Bu günlərdə yazıçı Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr olunub. Azərbaycan Dövlət Nəşriyyatında yayımlanan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı otuzdan artıq hekayəsi daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.
BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə belə deyilir.
Qeyd edilir ki, kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış “Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxildir.
“Bəhs olunan əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında artıq yayımlanıb, bəziləri isə oxuculara ilk dəfə təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı və yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişməsində qələmə alınan hekayələrdə müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən insanların duyğu, düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışıb”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “kitaba “Tərs axın” – susqun nəğmələrin hekayəsi” adlı ön söz yazan tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova hekayələrlə bağlı düşüncələrini ümumiləşdirərək qeyd edir ki, “Bütün mətnlər modernist nəql texnikasının elementləri üzərində qurulub. Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi hakimdir. Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə “son problematikası” var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan “son” bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan obrazını ümumiləşdirir, onu haradasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır”.
Bütövlükdə dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən yeni kitab müəllifin yaradıcılıq xronologiyasının real, gerçək mənzərəsinin canlandırılması baxımından söz yox ki, oxucuların marağına səbəb olacaq.