Son yeniləmə: 6 Sentyabr 2023 09:31
BAYRAQDAR MEDİA – Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov həmin ölkənin Xalisko ştatına səfəri çərçivəsində Tonela şəhərində yerli Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, 4 saata yaxın davam edən tədbir xüsusilə Azərbaycana həsr olunub: “Ölkəmizin tarixi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi həyatı barədə geniş təqdimat keçirilib.Tədbirdə federal deputatlar, yerli qanunverici qurumun nümayəndələri və bələdiyyə rəhbərləri, Ticarət Palatasının üzvləri və iş adamları, akademik dairələr, KİV-lərin təmsilçiləri iştirak ediblər”. Çıxışı zamanı səfir M.Talıbov tədbir iştirakçılarını Azərbaycanın zəngin tarixi, mədəniyyəti, qarşılaşdığı çağırışlara baxmayaraq qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb: “Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, onun təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr və islahatlar nəticəsindəAzərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş bir dövlətə çevrilmişdir”. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğu və Ulu Öndərin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bildirilib.
Tədbirdə həmçinin Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri, erməni quldurlarının törətdikləri vəhşiliklərdən söz açılıb, Azərbaycana qarşı qərəzli yanaşma və ikili standartların qəbuledilməz olduğu vurğulanıb: “Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etdiyi qeyd olunub. Hazırda ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi barədə ətraflı məlumat verilib”.
Eyni zamanda, tədbir zamanı Azərbaycan-Meksika münasibətlərinin mövcud vəziyyəti, siyasi və iqtisadi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Mədəniyyət, təhsil, ticarət və investisiya sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Sonda çoxsaylı suallar cavablandırlıb, Meksika tərəfindən bu kimi görüşlərin olduqca faydalı olduğu bildirilib.