Press "Enter" to skip to content

Emin Həsənli: Seçim etmək üçün Ermənistanın çox vaxtı qalmayıb

Emin Həsənli

Son yeniləmə: 6 Sentyabr 2023 10:51

BAYRAQDAR MEDİA – “Keçən zaman onu göstərir ki, Ermənistan hələ də ağıllanmayıb. Ümumiyyətlə, biz yaxın tarixə nəzər salsaq görərik ki, Ermənistan heç bir zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Eyni zamanda, 2020-ci ilin 10 noyabrından sonra da Ermənistan öz “ənənəsinə” sadiq qaldı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanın nəhayət ki, doğru yola gələcəyinə ümid edilirdi: “Lakin belə olmadı. Ermənistan rəhbərliyi sözdə guya sülhü dəstəklədiyini desə də, cinayətkar əməllərini davam etdirdi. Bu proses hazırda da davam edir. Azərbaycana qarşı hərbi təxribatlardən əl çəkməyən Ermənistan və onun havadarları bununla nəyəsə nail olacaqlarını düşünürlər. Görünür yenə də onlar “Dəmir yumruğ”un öz başlarına dəyməsini istəyirlər. Amma unudurlar ki, bu dəfə zərbə Ermənistan dövləti üçün ölümcül olacaq”.

E.Həsənli deyib ki, istər hərbi, istərsə də diplomatik cəbhədə ardıcıl təxribatlar törədən Ermənistan hər iki cəbhədə layiqli cavabını alır: “Azərbaycan Ordusu cəbhədə, diplomatik təmsilçilərimiz isə beynəlxalq arenada Ermənistanın təxribatlarına layiqli şəkildə cavab verir. Ancaq bu vəziyyət belə davam edə bilməz. Ermənistan və onun havadarları yaxşı-yaxşı düşünməli, necə deyərlər, ağıllarını başlarına yığmalıdır. Bunun yolu isə Azərbaycanın yaratdığı və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbulundan keçir. Bu, reallıqların qəbulu, eyni zamanda regiona və Ermənistanın özünə iqtisadi inkişaf vəd edir. İndi Ermənistan seçim etməlidir – Sonunda onu bir ölkə kimi məhvə aparan təxribatların davamı, yoxsa regiona əbədi sülh və iqtisadi inkişaf vəd edən Azərbaycanın yaratdığı reallıqların qəbulu. Onu da qeyd edim ki, seçim etmək üçün Ermənistanın çox vaxtı qalmayıb”.

Mission News Theme by Compete Themes.