BAYRAQDAR MEDİA – “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” marketlər şəbəkəsinin 28 May, Koroğlu və Şüvəlan filiallarından ümumilikdə 49 kq işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. ETSN və “Qırmızı ürəklər” Fondu tərəfindən başlayan layihə çərçivəsində bugünədək 818 kq batareya toplanılıb”.
Nazirlik bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.