Press "Enter" to skip to content

Qarabağ Özbəkistan Dövlət Televiziyasında – VİDEO

Dildora Hasanova Şuşada

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bir qrup Özbəkistanlı media nümayəndəsi növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfər çərçivəsində bir çox reportaj və verilişlər hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Özbəkistan Dövlət Televiziyasının “Manbalar so`zlaganda” adlı verilişi Azərbaycanın 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunub. Aparıcısı tanınmış jurnalist Dildora Hasanova olan verilişdə azad olunmuş Azərbaycan rayonlarında işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən reallaşdırılan yenidənqurma layihələri geniş işıqlandırılıb. Verilişdə öncə Ağdam şəhərinin erməni işğalı zamanı dağıdılmış hissəsi ilə bağlı görüntülür verilərək erməni vandalları tərəfindən xarabaya çevrilmiş şəhər atom silahı tətbiq olunmuş Yaponiyanın Xirosima şəhərinə bənzədilib. Materialda şəhərdə vandallığa və təhqirə məruz qalmış tarixi və dini abidələr, Ağdam Cümə məscidinin vəziyyətinə nəzər salınmış, Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verilib. Televiziya layihəsində Azərbaycan dövləti tərəfindən şəhərin sürətlə müasir tələblərə cavab veriləcək şəkildə yenidən qurulması qeyd edilib”.

Sonra xəbərdə deyilir ki, “verilişdə işğaldan azad olunmuş Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış kəndləri, tamamilə məhv edilmiş şəhərin mənzərəsi nümayiş etdirilib, işğalın dəhşətli nəticəsi heyrətlə qeyd edilib. Jurnalist reportaj hazırlayarkən təkcə binaların, infrastrukturun deyil, təbiətin də işğalçılar tərəfindən məhv edildiyini qeyd edir, qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu vurğulayır”.

Verilişdə yeni qurulmuş Füzuli Beynəlxalq Aeroportu, Özbəkistan dövlətinin vəsaiti hesabına tikilmiş Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı orta məktəb və Füzulidə görülən yenidənqurma, tikinti işləri ilə də bağlı ətraflı məlumat verilib.

Media-tur çərçivəsində Şuşa şəhərində olan jurnalist verilişində Şuşanın Azərbaycanın qədim şəhəri olduğunu vurğulayaraq bu diyarın Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi olduğunu qeyd edib. Şuşanın əsrarəngiz təbiətindən söz açan D.Hasanova buranın dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri olduğunu söyləyib.

Media-turun növbəti günü Laçın şəhərinə səfər edən jurnalist şəhərdə Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, böyük qayıdışla bağlı geniş reportaj hazırlayıb.

Mission News Theme by Compete Themes.