Son yeniləmə: 5 Sentyabr 2023 10:00
BAYRAQDAR MEDİA – Artıq 20 gündən çoxdur ki, Qarabağda yaşayan bir erməni qadın Ermənistanda yol qəzasında həlak olmuş azyaşlı qızının cəsədinin Xankəndiyə gətirilməsinin Azərbaycan tərəfindən əngəllənməsi ilə bağlı “həyəcan təbili” çalır. O qadın iddia edir ki, Azərbaycan dövləti faciə yaşayan ailəyə imkan vermir ki, uşağı gətirib öz yurdunda dəfn etsin. Elə belə də deyir, ağlaşma qurur və… sonra da dünya ictimaiyyətinə “artsaxın müstəqilliyi”ni tanımaq üçün çağırış edir.
Açığı, övladı həlak olmuş sıradan bir vətəndaşın öz dərdini gətirib siyasi çağırışa bağlaması məndə şübhə yaratmışdı. Ona görə də məsələni diqqətdə saxlayırdım ki, görüm, altından nə çıxır?
Hələ onu da düşünürdüm ki, niyə Azərbaycan tərəfi bu adi məsələdə bu qədər səs-küyə səbəb olacaq davranış sərgiləyir? Amma bir az təmkinlə düşünəndə ki, mütləq bunun da altından erməni məkri çıxacaq, səbrimi basıb gözləyirdim…
İndi bəlli olur ki, bu erməni qadın niyə övladından ötrü bu qədər “narahat” imiş. Sən demə bunlar hətta öz ölülərindən belə siyasi maraqlar üçün istifadə edirlər! Yəni ləyaqətsizliyin, mənliksizliyin bu qədərini də göstərir bu erməni təbliğat maşını!
…Ermənistan mediası xəbər yayıb ki, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi adlı QHT-nin rəhbəri Siranuş Sahakyan Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Səbəbsə sözügedən məsələdir.
Məsələyə gəlincə, avqustun 14-də İrəvan-Gümrü yolunda sərnişin avtobusu qəzaya uğrayıb. Qəza nəticəsində 12 nəfər həlak olub ki, onlardan da biri Qarabağ ermənisi olan Helen Dadayan adlı azyaşlı qızdır. İddiaya görə, aradan keçən bu müddət ərzində Azərbaycan dövləti onun gətirilib Qarabağda dəfn edilməsinə icazə vermirmiş…
İndi bu Siranuş iddia edir ki, Azərbaycan, sən demə, o uşağın meyitinin Qarabağda dəfn edilə bilməsi üçün “siyasi tələblər” irəli sürürmüş…
Siranuş həmin “siyasi tələbləri” də açıqlayıb. Nə imiş onlar? Baxaq!
Siranuş deyir ki, Azərbaycan dövləti meyiti müşayiət edən sənədlərdə onun “artsax respublikası”na deyil, Azərbaycan Respublikasına gətirildiyinin göstərilməsini tələb edir! Həm də tələb edilir ki, sənədlərdə bütün toponimlər Azərbaycanın müəyyən etdiyi kimi yazılmalıdır.
Siranuşun ağlına görə, Azərbaycan dövlətinin belə tələblər irəli sürməyə haqqı yox imiş! Erməni ki, erməni!
Haşiyə: Ay Allahın ermənisi, indi Azərbaycan dövləti öz adından imtina etməlidir ki, sən gətirib ölünü Qarabağda basdırasan? Yaxud da qəzada ölmüş bir erməniyə görə Azərbaycan dövləti sənin o qondarma “sarsax respublika”nı tanımalıdır? Sənin dərdin ölünü gətirib Qarabağda dəfn etmək deyilmi? Odursa, sənədə-filana fikir vermə, Azərbaycan dövləti ərazisinə məhz Azərbaycan Respublikasının suveren hüquqlarına hörmət edərək daxil ol, gətir, ölünü basdır da.
Hə, bu Siranuş onu da etiraf edir ki, Azərbaycanın tələbləri siyasi məsələlərdir və dövlətlər arasında həll edilməlidir. Lap yaxşı. Onda sən niyə öz kirli burnunu soxursan bu məsələyə? Qoy Azərbaycan dövləti Ermənistanla özünün məsələlərini həll eləsin. Qarabağa gəlincə, orada Azərbaycanın kimsə ilə müzakirə edəcəyi məsələ qalmayıb. İstər yer adları, istərsə də digər məsələlər Azərbaycanın daxili işidir və kimsə hətta ölüsünü belə gətirib orada basdırmaq istəyirsə, zəhmət çəksin, dövlətin qanunlarına və dünyaca tanınan suveren hüquqlarına hörmət etsin…