BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də filologiya elmləri doktoru, ədəbiyyatşünas Vilayət Quliyevin “”Füyuzat”ın iki yazarı” kitabıdır.
Nəşr “Füyuzat” jurnalının ilk sayının çapdan çıxmasının 110 illiyinə ithaf olunub.
Kitabda Azərbaycan milli mətbuatında özünəməxsus yer tutan məcmuənin biri-birindən fərqli, lakin eyni dərəcədə məhsuldar və fəal iki yazarı – Krım türkü Asan Səbri Ayvazov (1878-1938) və Anadolu türkü Əhməd Kamal Akünal (1873-1942) haqqında əksər qismi milli ədəbiyyatşünaslıqda yeni olan fakt və sənədlər əsasında söz açılır. Onların yalnız jurnalla bağlı fəaliyyəti izlənilmir, həm də bütünlükdə ömür yollarına və ədəbi fəaliyyətlərinə işıq tutulur.
Kitab filoloqlar, tarixçilər, mətbuat tarixinin tədqiqatçıları, habelə geniş oxucu kütləsi üçün maraq doğura bilər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə deyir: “Təqdim olunan kitab Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında böyük rolu olmuş “Füyuzat” ədəbi məktəbini bütün reallıqları ilə təsəvvür etmək və qiymətləndirmək üçün də geniş imkan yaradır”.
Qeyd edək ki, nəşrin elmi redaktoru isə filologiya elmləri doktoru, Prof. Asif Rüstəmlidir.