Son yeniləmə: 5 Sentyabr 2023 11:31
İlk dəfə olaraq ICOMOS Azərbaycan Milli Komitəsi də təşkilatın Baş Assambleyasında təmsil olunur
BAYRAQDAR MEDİA – Avstraliyanın Sidney şəhərində ICOMOS-un Üçillik Baş Assambleyası (Triennial General Assembly) keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 5-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “üç ildən bir keçirilən bu yığıncaqda ICOMOS İdarə Heyətinin hesabatları dinlənilir və gələcək fəaliyyətlə bağlı müzakirələr aparılır. İlk dəfə olaraq ICOMOS Azərbaycan Milli Komitəsi də təşkilatın Baş Assambleyasında təmsil olunur. Təşkilatın 1 min 500-dən çox üzvünü və rəsmi qonaqları bir araya gətirən tədbirdə ICOMOS Azərbaycan-ın prezidenti Sədaqət Davudova və baş katib Şeyda Allahverdiya da iştirak edirlər”.
Məlumata əsasən, Baş Assambleyanın toplantısında “Mədəni irs: Davamlılıq-Məsuliyyət-Hüquqlar-Əlaqələr” mövzusunda Elmi Simpozium keçirilir: “Sentyabrın 9-dək davam edəcək Assambleyada mədəni irsin qorunması və idarəolunması mövzularında mühazirələr, seminarlar da təşkil olunacaq. Toplantı iştirakçıları Avstraliyada UNESCO Dünya İrs siyahısına daxil edilmiş məkanlarla da tanış olacaqlar”.
Məlumatda o da qeyd edilib ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir: “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaranmış ICOMOS Azərbaycan Milli Komitəsi ötən ildən aktiv fəaliyyətə başlayıb. Xatırladaq ki, 25-31 Oktyabr 2022-ci il tarixlərində Tailand Krallığında keçirilən illik toplantıda ICOMOS Azərbaycan Milli Komitəsi təşkilatın Baş Assambleyasında iki həmsədrindən biri seçilmişdi”.