BAYRAQDAR MEDİA – Sentyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə, Azərbaycan və AB arasında münasibətləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Qeyd olunub ki, nazir C.Bayramov, Azərbaycanla AB arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və AB arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.
Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə AB arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.
Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.