Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-nevroloq Mərziyyə Məmmədova: Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-nevroloq Mərziyyə Məmmədova bel ağrılarının yaranma səbəbləri, müalicəsi və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “M.Məmmədova bel ağrılarının yaranma səbəblərindən danışarkən bildirib ki, müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. O artıq bəzi işlərin onlayn şəkildə həll edilməsi, ictimai nəqliyyatın əlçatan olması, insanların həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirmələrinin bel ağrılarına gətirib çıxardığını deyib. Eləcə də həkim qeyd edib ki, əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşaiyət olunan xəstəliklər xeyli cavanlaşıb. O, bunun səbəbi kimi ilk növbədə dayaq-hərəkət sistemində biomexanik pozuntuları, degenerativ dəyişikliklərin geniş yayılmasını, orqanizmdə durğunluğu bildirib”.
Həkim onu da deyib ki, ona hər ikinci pasient bel ağrısı ilə bağlı müraciət edir: “Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Onu da qeyd edim ki, əksər pasientlər qadınlardır. Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər. Düzdür, hamiləlik və analıq qadının orqanizmdə xüsusi dəyişikliklərə səbəb olur. Hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür, avitaminoz və digər problemlər ortaya çıxarır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxır”.
O, bel ağrılarının kəskin və xronik ağrılara bölündüyünü qeyd edib: “Qızıl standart olaraq 12 həftə götürülür. Belə ki, 4-12 həftəyədək olan müddətdə ağrılar kəskin/yarımkəskin kimi, 12 həftədən çox olan ağrılar isə xronik kimi qiymətləndirilir. Bel ağrıları beynəlxalq təsnifata görə, spesifik və qeyri spesifik bel ağrılarına səbəbi bəlli olan onurğa sınıqları, anomaliyaları, törəmələri, sinir/kökcük/onurğa beyin sıxılmaları və s. aiddir. Qeyri-spesifik bel ağrılarına onurğa əyrilikləri, əzələ ağrıları və s. şamil olunur. Eyni zamanda, qeyri-spesifik bel ağrıları mexanik (lumbaqo) və qeyri-mexanik ağrıya (mərkəzi sensitivlik sindromları, psixoloji problemlər və s.) bölünür”.
M.Məmmədova onu da əlavə edib ki, diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir: “İlk növbədə nevroloji müayinə aparılır və pasientə əyani baxış keçirilir. Bu zaman onun yerişi, hərəkətlərinin həcmi, əzələ gücü, tonusu, ağrı dərəcəsi, fizioloji və patoloji refleksləri və hissiyatı yoxlanılır. Bundan sonra lokal olaraq zədələnmə səviyyəsi və instrumental diaqnostik müayinə metodu seçilir. Lakin praktikada əksər hallarda bel ağrısı olan kimi pasientlərin həkim məsləhəti olmadan rentgen, maqnit rezonans və kompyuter tomoqrafiya müayinəsindən keçməsinin şahidi oluruq. Nəticədə müayinə lazımsız yerə aparılır. Bəzən isə təsadüfən tapılan və nevroloji təzahür verməyən yüngül protruziyalar zamanı pasientlər bütün şikayətlərinin səbəbini neyrogörüntüləmə müayinəsinin cavabında görürlər. Halbuki, nevroloji təzahürü olmayan, şikayət verməyən təsadüfi tapıntılar (insidentalomalar) müalicə tələb etmir. Neyrogörüntüləmə ilə yanaşı, diaqnozun dəqiqləşməsi üçün EMQ (Elektromioqrafiya) müayinəsi də aparıla bilər. Bu zaman sinir-əzələ sisteminin obyektiv qiymətləndirilməsi aparılır”.
Bel ağrılarının necə müalicə olunduğundan danışarkən isə o, bəzən kəskin və yarımkəskin ağrı sindromlu pasientlərin bir neçə gün ərzində, hətta müalicəsiz də sağala bildiklərini deyib: “Onlara əsasən qeyri-farmakoloji müalicə təklif olunur. Buraya isidici prosedurlar, massaj, iynəbatırma (akupunktura) və ya manual/osteopatik terapiya və s. aiddir. Lakin dərman müalicəsinə üstünlük verən pasientlərə qeyri-steroid iltihab əleyhinə və ya miorelaksant preparatlar təklif oluna bilər”.
Həkim sonda xroniki bel ağrılarından əziyyət çəkən pasientlərə isə ilk olaraq müalicəvi idman, yoqa, multidissiplinar reabilitasiya, akupunktura, stresin idarə edilməsi metodları, koqnitiv-davranış terapiyası və sağlam həyat tərzinin tövsiyə olunduğunu diqqətə çatdırıb. O həmçinin buraya sağlam qidalanma, konfliktlərin idarə edilməsi və əmək şəraitinin sağlamlaşdırılmasını da aid edib.