Son yeniləmə: 4 Sentyabr 2023 10:34
Ceyhun Musaoğlu: BBC-nin Qarabağ mövzusundakı yazılarında jurnalistika prinsipləri pozulur
BAYRAQDAR MEDİA – “BBC-nin xüsusən Qarabağ mövzusunda qərəzli yanaşması onun nüfuzu ilə tərs mütənasibdir. Azərbaycanın 20 faiz ərazisi işğal altında olduğu uzun illər ərzində bəzi bu kimi media qurumlarının münasibətindəki qeyri-obyektivlik təəssüf doğurmaqla yanaşı, münaqişənin həllinə də manelər törədirdi”.
Bu fikirləri BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.
Onlar necə acdılar ki, bunu qəbul etmirlər?
JEM sədri vurğulayıb ki, hazırda Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti missiya həyata keçirdikləri bəzi ərazilərində terrorçuluq fəaliyyəti göstərən separatçı rejimin cinayət əməlləri səbəbindən Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün olmur: “Ermənilərin ərzaq yardımına ehtiyacı olmadığı onları qızışdıranların oynadıqları “humanitar dəstək” tamaşasının primitiv hazırlandığı səbəbindən aşkara çıxdı. Laçında yardım adı altında təpəyə səpələnərək donub qalan Ermənistandan göndərilən yük avtomobillərinin Xankəndinə getməsi üçün rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edib, qarşı tərəf razılaşmayıb. “Laçın” buraxılış məntəqəsi açıqdır, erməni əsilli vətəndaşlar oradan sərbəst keçirlər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti iki avtomobilə yüklənmiş 40 ton un və un məmulatlarını ərazimizdə yaşayan etnik ermənilərə pay olaraq aparıb. Onlar necə acdılar ki, bunu qəbul etmirlər?”.
C.Musaoğlu bildirib ki, “Fransadan gələn yardımın Azərbaycan ərazisinə daxil olmasına dövlətimiz icazə verməyib və hər bir dövlət belə edir. Hansı dövlət razılaşar ki, onun ərazisində kimlərsə icazəsiz gedib-gəlsin? Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir, hansı bölgəyə nə lazımdırsa, onu bütün dövlətlərdən yaxşı bilir, yaxşı da bilməlidir”.
Qarabağ təkcə erməni separatçılarının sığındığı və erməni sakinərinin yaşadığı ərazi deyil
Ceyhun Musaoğlu qeyd edib ki, “bütün bu hadisələr vəziyyətin aydın mənzərəsini cızdığı halda BBC yazır: “Qarabağda yaranmış ərzaq çatışmazlığına görə, beynəlxalq qurumlar Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb”. Cümlə media qurumunun tərəfli mövqedən çıxış etdiyini göstərir. Sayt Qarabağda ərzaq çatışmazlığı olduğunu necə müəyyənləşdirib? Monitorinq aparmayıb, araşdırma hazırlamayıb. Belədirsə, dəqiqləşdirilməmiş informasiya yayıblar, adına dezinformasiya da deyə bilərik. Əgər “ərzaq çatışmazlığı yaşandığı”nı beynəlxalq qurumların fikri kimi yazıblarsa, cümlənin quruluşu yanlışdır. “Beynəlxalq qurumlar “Qarabağda ərzaq çatışmazlığı yarandığı” iddiası ilə Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb” – doğru fikir budur, amma bir istisnayla: “Qarabağ təkcə erməni separatçılarının sığındığı və erməni sakinərinin yaşadığı ərazi deyil, Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonlarından biridir. Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir. Saytın yanaşmasından belə anlaşılırki, ümumi Qarabağ ərazisi mübahisə mövzusudur və 14 rayonun hər birində ərzaq çatışmazlığı var. Ya qərəzli yanaşmadır, ya da naşı müxbir işidir”.
İnanırıq ki, növbəti yazılar jurnalistikanı utandırmağa xidmət etməyəcək
JEM sədri saytdakı reportajda “Azərbaycan yardımı Qarabağa buraxmır, Qarabağdakı ermənilər də Azərbaycanın yardımını istəmir. Bu nə qədər uzun müddət davam edə bilər?” – sualındakı informasiyada yanlışlıq olduğunu söyləyib.
O, deyib ki, əksinə, Azərbaycan Ermənistandan gələn yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli şəxslər yaşadığı ərazisinə çatdırmasına nəinki icaz verir, hətta Ermənistana bu mövzuda çağırış edir.
“Bu kimi pozuntu halları saytda adi hal alıb. İnanırıq ki, növbəti yazılar jurnalistikanı utandırmağa xidmət etməyəcək” – deyə, JEM sədri bildirib.