Son yeniləmə: 4 Sentyabr 2023 09:59
BAYRAQDAR MEDİA – İraqın baş naziri Muhammed Şiya-es Sudani’nin avqusun 29-da qəbul etdiyi qərar nəticəsində türk yurdu Kərkükdəki Birgə Əməliyyat Komandanlığının Bərzani peşmərgəsinə təhvil verilməsi sərt reaksiyalara səbəb olub.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, bu qərara etiraz olaraq Kərkükdə aksiyalar başlayıb. Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə birgə mətbuat konfransında Kərkükdəki problemə toxunub.
Məlumata əsasən, H.Fidan, “Hadisələri kədər və böyük narahatlıqla qarşılayırıq. Kərkükün sülh və sabitliyi İraqın ərazi bütövlüyü üçün də vacibdir. İraq səlahiyyətliləri PKK-nın şəhərdəki varlığına son qoymalıdır” deyib.
Kərkükün sülhü və sabitliyinin birbaşa İraqın sülh və sabitliyinə təsir etdiyini deyən nazir Türkiyənin türkmənləri dəstəkləməkdə davam edəcəyini söyləyib: “Türkmənləri hər sahədə dəstəkləməyə davam edəcəyik. Biz bunun İraqın bu günü və gələcəyi üçün vacib olduğunu bilirik. Biz şəhərin bütün seqmentlərinin inzibati iştirakına əhəmiyyət veririk”.
Onu da qeyd edək ki, İraq Federal Ali Məhkəməsinin qərarı ilə İraqın Baş naziri Məhəmməd Şiya-es Sudaninin Kərküklə bağlı əmrinə dair prosedurların dayandırılmasına qərar verilib.