Press "Enter" to skip to content

Bir qrup özbək xadimə ali mükafatlar verilib

Təqdimatın bədii hissəsi

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrində xidmətləri olan Özbəkistanın bir qrup mədəniyyət xadimi “Dostluq” ordeni ilə təltif edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.

Xəbərdə bildirilir ki, “mükafatların bir qismi cari ilin 1-3 avqust tarixlərində Bakıda keçirilən Özbəkistan Mədəniyyət günləri çərçivəsində təqdim edilib. Özbəkistandakı sözügedən Mərkəzdə təşkil edilmiş tədbirdə təltifetmə mərasimi keçirilib. Tədbirdə öncə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sırdəryada yaşayan Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirliyə “Dostluq” ordeni verilməsi haqqında Prezident İ.Əliyevin ötən il imzaladığı Sərəncam oxunub və daha sonra orden şairə təqdim edilib. Həmçinin Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov, Əməkdar artist Kamoliddin Urunbayev də“Dostluq” ordeni ilə təltif edilib. Bundan əlavə, diaspor fəaliyyətlərindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Prof. Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Orta Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri də təqdim edilib”.

Mükafatlar təqdim olunan özbək alimlər, xadimlər fəaliyyətlərinə verilən qiymətə görə Prezident İ.Əliyevə təşəkkürlərini bildirib, gələcəkdə də öz fəaliyyətləri ilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.