Press "Enter" to skip to content

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

Akademik Musiqili Teatr

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 114-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbiri sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq yeni mövsüm münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri çıxışı zamanı ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümdə təqdimatı nəzərdə tutulan layihələr haqda da məlumat verib. Ötən ay Laçında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində nümayiş olunan “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşasının yaradıcı heyətinə xüsusi təşəkkürlərini bildirən teatr rəhbərliyi ilboyu belə qastrol səfərlərinin olacağını da kollektivin diqqətinə çatdırıb”.

Görüşdə həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” musiqili-tarixi essesinin ötən mövsümdə uğurlu təqdimatından söhbət açılıb və yeni mövsümün açılışının da bu layihə ilə olacağı vurğulanıb. Azərbaycanın müxtəlif bölgələrində – Gəncə və Şəkidə rəğbətlə qarşılanan bu tamaşanın Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də nümayişinin nəzərdə tutulduğu qeyd olunub.

Tədbirdə teatrın dörd aylıq repertuar planı təsdiqlənib, bu mövsümdə premyeraları nəzərdə tutulan tamaşalar, gələcək layihələr barədə bir sıra fikirlər səsləndirilib və müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.