Press "Enter" to skip to content

Xalq rəssamının yaradıcılığı ilə bağlı tədbir

Rəssamın gözü ilə

BAYRAQDAR MEDİA – Sentyabrın 8-də YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində bu dəfə Xalq rəssamı Ağa Mehdiyevin yaradıcılığına həsr olunmuş tədbir olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tədbir zamanı, sənətşünas, qalerist, mentor, ekspert, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru Qalib Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əzimova rəssamın yaradıcılığı ilə bağlı araşdırmalarını, analitik yanaşmalarını və xatirələrini paylaşacaqlar”.

Bildirək ki, A.Mehdiyev (1920-2003) yaradıcılığında peyzaj və portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Onun əsərlərində çox zaman sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilib.

1960-cı illərin əvvəllərində qardaş Türkiyəyə yaradıcılıq səfərində rəssam gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaradıb. Bu səfərdən sonra Bakıda rəssamın Türkiyəyə həsr edilmiş fərdi sərgisi təşkil olunub. Əsərləri bir çox ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Moderatoru kurator, sənətşünas Məhbarə Abbasova olan tədbir saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tədbirin sonunda kiçik sual-cavab sessiyası keçiriləcək.

Mission News Theme by Compete Themes.