BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu qardaş Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də komitədən məlumat verilib.
Bildirilib ki, “Biz birlikdə güclüyük” devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsi olub.
Məlumata əsasən, Azərbaycan Gömrük-Sərhəd Buraxılış Məntəqəsindən qardaş ölkəyə yola salınmış humanitar yardıma 3000 məktəbli dəsti daxil edilib: “Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimində Arsuz rayonunun icra hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Dr.Asaf Güven və Arsuz Milli Təhsil müdiri Əhməd Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə millət vəkili olmuş Bayram Türkoğlu, TBMM-də AKP-in Hatay üzrə millət vəkilıəri Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürvə başqaları iştirak ediblər”. Mərasimdə qardaş Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə Azərbaycana təşəkkürünü ifadə edib və bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir.
Çıxışlardan sonra məktəbli dəstləri I sinfə gedəcək şagirdlərə və valideynlərə təqdim olunub.
Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.