Son yeniləmə: 1 Sentyabr 2023 13:56
BAYRAQDAR MEDİA – Sentyabrın 1-də Bilik və Tələbələr Günündə Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Türkmənistan Dövlət Memarlıq və İnşaat İnstitutunun bina kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Bu barədə salamnews.tm məlumat yayıb.
Məlumata əsasən, mərasimdə Türkmənistan Məclisinin, ölkə hökumətinin, Aşqabadda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, fəxri ağsaqqallar və tələbə gənclər iştirak ediblər.
Qeyd edilib ki, Türkmənistan Dövlət Memarlıq və İnşaat Mühəndisliyi İnstitutu Türkmənistan Prezidentinin 25 may 2012-ci il tarixli Fərmanına əsasən yaradılmış təhsil müəssisəsidir: “Bu təhsil ocağının əsas vəzifəsi memarlıq, tikinti, mənzil-kommunal, kimya, energetika, sənaye və yol nəqliyyatı sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və mühəndis kadrları ilə təmin edilməsidir. Hazırda institutda 7 fakültə və 26 kafedra fəaliyyət göstərir, burada 3 mindən çox tələbə təhsil alır. Dövlət başçısının sərəncamı ilə universitetin binalar kompleksinin tikintisi “Ajaıp-qurluşik” fərdi müəssisəsinə həvalə edilib. Sənəddə institutun binaları kompleksinin 2026-cı ilin sentyabrında istismara tam hazır vəziyyətdə təhvil verilməsi nəzərdə tutulur”.