BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Azərbaycan-Özbəkistan Dostluq Muzeyində Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə mərasim keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, jurnalistlər və s. iştirak ediblər. Tədbir zamanı çıxış edən AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq müstəqillik illərində Azərbaycanda və Özbəkistanda həyata keçirilən böyük islahatlar haqqında söhbət açıb. O, ötən il Prezident İlham Əliyevin üç dəfə Özbəkistanda səfərdə olduğunu vurğulayaraq iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında bu səfərlərin mühüm rolu olduğunu deyib”.
Sonra xəbərdə, “tədbirdə çıxış edən Prof. Nigina Şermuxammedova Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərindən söz açaraq müstəqillik illərində Azərbaycanla Özbəkistan arasında bütün sahələri əhatə edən münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Çıxış edənlər – Dos. Rano Kadirova, şairə Nərgiza Əsədova, şair Əli Nəsirli və başqaları iki ölkə arasında mövcud əlaqələr, dostluq-qardaşlıq münasibətlərindən söz açaraq, yüksək səviyyədə olan bu münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar” deyə qeyd olunub.
Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslər ifa ediblər.