Son yeniləmə: 1 Sentyabr 2023 12:31
BAYRAQDAR MEDİA – 28-30 avqust tarixlərində Meksikanın Qvadalaxara şəhərində Latın Amerikası və Karib Hövzəsi üzrə Beynəlxalq Məskunlaşma Sammiti keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfir Məmməd Talıbov Sammit çərçivəsində “BMT-nin 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin, Məskunlaşma Proqramının (UN-Habitat) Yeni Şəhər Gündəliyinin icrası” mövzusunda təşkil olunmuş paneldə çıxış edib: “Səfir M.Talıbov çıxışı zamanı Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin icrasına nail olunmasının vacibliyini vurğulamış, ölkəmizin UN-Habitat-ın fəaliyyətinə yüksək qiymətverərək təşkil etdiyi tədbirlərdə yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Azərbaycanın UN-Habitat-ın ən fəal dəstəkçisi və donorlarından biri olduğunu qeyd edən diplomat ölkəmizlə UN-Habitat-ın birgə təşkilatçılığı ilə baş tutmuş və planlaşdırılan tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. Həmçinin, 2022-ci ildə Azərbaycanda qəbul edilmiş iki mühüm siyasi sənədin – “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”- BMT-nin 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin, eləcə də sosial-iqtisadi inkişafa dair milli prioritetlərin həyata keçirilməsinə xidmət etdiyi qeyd olunmuşdur. Ölkəmizin bir çox DİM üzrə irəliləyiş əldə etdiyi və “Dayanıqlı inkişaf-2022” hesabatında ölkələr sıralamasında öz mövqeyini daha da yaxşılaşdırdığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır”.
Məlumata əsasən, səfir M. Talıbov 2020-ci ildə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası əsasında bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə daə geniş məlumat verib: “Səfir, Ermənistanın bu ərazilərdə törətdiyi vandalizm əməllərinin və mina terrorunun yaratdığı çətinliklərə baxmayaraq, “Böyük Qayıdış”la birlikdə azad edilmiş torpaqlara həyat qayıtdığı bildirilmiş, qısa müddət ərzində reallaşdırılmış iri enerji-nəqliyyat və yaşayış layihələri haqqında məlumatla cıxış edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan postpandemiya və postmünaqişə reallıqlarına uyğun olaraq bütün region üçün yeni iqtisadi perspektivlər üzrə UN-Habitat və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa hazırdır”.