Press "Enter" to skip to content

Türkmənlər İraqda yerli seçkilərə vahid siyahı ilə qatılır

Hasan Turan

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan dekabrın 18-də Kərkükdə keçirilməsi planlaşdırılan yerli seçkilərə vahid siyahı ilə qatılacaqlarını açıqlayıb.

Türkmeneli TV xəbər verir ki, “Anadolu” agentliyinə (AA) danışan H.Turan dekabrın 18-də İraqda keçiriləcək Əyalət Məclisi seçkilərinin türkmənlər üçün çox önəmli olduğunu bildirib.

Türkmənlərin bu seçkiyə Kərkükdə yeganə türkmən siyahısı olan Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı ilə qatılacağını bildirən H.Turan, siyahının İraq Türkmən Cəbhəsi başda olmaqla 9 türkmən partiyasından ibarət olduğunu qeyd edib.

O, siyahıda bütün partiyaların namizədlərinin olduğunu deyib və şəhər üzrə 30 gənc, dinamik və təcrübəli namizədlə seçkilərə qatılacaqlarını vurğulayıb.

Bütün türkmən siyasi partiyalarının aylardır seçkilərə hazırlaşdığına diqqət çəkən H.Turan, türkmənlərin xüsusilə Kərkükdə seçkilərə qatılmalı olduqlarını və onların iştirak etməmək lüksünün olmadığını deyib.

Məlumata görə, türkmənlərin 20 ilə yaxındır ki, mərkəzi hökumətdə layiq olduğu kimi təmsil olunmadığını və nazirlik ala bilmədiklərini deyən H.Turan bunun əvəzini ancaq şəhərlərdə yerli idarəçilikdə iştirak etməklə ödəyəcəklərini bildirib.

H.Turan, keçmişdə türkmənlərin yaşadığı Kərkük, Mosul, Diyala, Ərbil, Səlahəddin və Bağdadda yerli idarələrdə əhəmiyyətli təmsilçi çəkiyə malik olduqlarını, lakin İraqda əyalət məclislərinin ləğv edilməsi ilə 2019-cu ildən sonra bu üstünlüyünü itirdiklərini deyib.

Mission News Theme by Compete Themes.