Press "Enter" to skip to content

Kitab tanıtma: “Nəsimi: edamdan sonrakı həyat”

Nəsimi: edamdan sonrakı həyat

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında Prof. Qəzənfər Paşayevin müəllifi olduğu “Nəsimi: edamdan sonrakı həyat” monoqrafiyası da var.

Kitab böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il sərəncamına əsasən dərc olunub.

Monoqrafiyada deyilir: “Altı əsrdən çoxdur ki, qismətinə bol-bol kədər və sevinc payı düşən Nəsiminin poeziyası ürəkləri fəth edir. Bununla belə, şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlar, xüsusən də onun edamı və “dönüklüyü” fərziyyəsi üzərində qara pərdə mövcud idi. Son vaxtlar aparılmış tədqiqatlarda isə Nəsiminin poetik irsi və taleyi üzərinə yeni işıq salınıb, bu sahədə irəliləyişə nail olunub. Q.Paşayevin bu monoqrafiyası da elm aləmi üçün yeni olan bir çox məsələdən söz açması ilə bu istiqamətdə atılan mühüm addımlardan biridir”.

Monoqrafiyada yer alan “Nəsimi: edamdan sonrakı həyat”, “Nəsimi obrazı bədii ədəbiyyatda”, “Bədii fikir tariximizdə Nəsimi zirvəsi”, “Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları”, “Nəsimi irsinin tədqiqində yeni mərhələ” fəsilləri tamamilə yeni elmi qənaətləri özündə ehtiva edir.

Kitaba həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilib.

Qeyd edək ki, nəşrin redaktoru və ön sözün müəllifi akademik Rafael Hüseynov, rəyçilər isə akademik Möhsün Nağısoylu, Prof. Şirindil Alışanlı və filologiya üzrə elmlər doktoru Fəridə Əzizovadır.

Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 aprel 2019-cu il tarixli qərarı ilə çap olunub.

Mission News Theme by Compete Themes.