Son yeniləmə: 31 Avqust 2023 16:52
Rauf Rəcəbov: Maariflənirmə xarakteri daşıyan filmdə Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizmın dövlət səviyyəsində qorunub saxlanılması xüsusi olaraq vurğulanır
BAYRAQDAR MEDİA – “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı layihənin icrasını davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birliyin sədri Rauf Rəcəbov məlumat verib.
O, qeyd edib ki, layihənin əsas məqsəd milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlığın necə hökm sürdüyünü təbliğ etməkdir: “Layihə çərçivəsində hazırlanan “Dünyaya örnək olan Azərbaycan” adlı sənədli filmin çəkilişləri davam edir. Filmdə Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiqliyi, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirməsi, eləcə də tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığı işıqlandırılır. Maariflənirmə xarakteri daşıyan filmdə Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizmın dövlət səviyyəsində qorunub saxlanılması xüsusi olaraq vurğulanır”.
R.Rəcəbovun sözlərinə görə, mənəvi dünyamızın sərhədlərini müəyyən edən, bizi Azərbaycan olaraq dünyada var edən, kimliyimizi yaşadan, dünyanın digər xalqları və dövlətləri ilə bərabərhüqülu xalq olaraq dünya arenasına çıxaran, bizi dünyaya tanıdan və təqdim edən mənəvi sərvətimiz milli dəyərlərimizdir:”Milli dəyərlərsiz xalq yoxdur. Millət tarixi boyu yaratdığı mənəvi sərvətləri ilə millət olur. Mənəvi dünyası olmayanlar maddi dünyada kimsəsiz, soysuz, adsız kütlə olaraq təzahür edır. Milli-mənəvi dəyərlərimizi müqəddəs borc kimi qorumaq, yaşatmaq və gələcək nəslə ata-baba əmanəti olaraq ötürmək millətimizin, xalqımızın varlığının əbədiliyinə verdiyimiz zəmanətdir. Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir”.