BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 30-da 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib”.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, “müsabiqənin nəticələrinə əsasən 51 min 941 nəfər (o cümlədən 6 min 592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 min 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 min 347 (o cümlədən 5 min 203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub”.
Qeyd olunub ki, sentyabrın 4-dən 9-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir: “Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1550 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27 faiz daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30 faiz, IV ixtisas qrupunda 15.56 faiz artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi”.
Xatırladaq ki, ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunmuşdu və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilmişdir: “Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik. Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35 faiz). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2 min 985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2 min 731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74 faiz, 94.36 faiz və 91.19 faiz dolub. Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb”.