BAYRAQDAR MEDİA – 30 avqust qardaş Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutur və Zəfər Bayramı kimi qeyd olunur. Çünki 101 il əvvəl Mustafa Kemal Atatürkün öndərliyi ilə qazanılan tarixi Zəfərlə Türkiyə Cümhuriyyətinə aparan yolda mühüm addım atıldı.
30 Avqust Zəfərinə aparan yola qısa tarixi ekskurs edərək, bildirək ki, 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Batı dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən təklif edilən təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə əsasən, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi. Təbii ki, qəhrəman türk xalqı bu biabırçı sülh sazişini qəbul edə bilməzdi. Məhz buna görə də dahi M.K.Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşına qalxan türk xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı. Həmçinin, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi bu biabırçı sazişi təsdiqləməkdən birmənalı şəkildə imtina etdi.
Bununla yanaşı, xalqdan güc alan Türkiyə Ordusu Qurtuluş savaşında mərhələ-mərhələ uğur qazandı. 1922-ci il avqustun 30-da isə Türkiyə Ordusu Qurtuluş savaşının taleyini həll edəcək Zəfər qazanaraq ölkənin güney-batısını yunan işğalından azad etdi. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kemal Atatürk Türkiyə Cümhuriyyətini elan etdi.
Bir sözlə, Zəfər bayramına aparan yol 1922-ci il avqustun 26-da başlayıb 30-da Dumlupınarda Mustafa Kemal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Büyük Taarruz) yad etmək üçün qeyd olunan bayramdır.
İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonkarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə 1935-ci ilin mayında elan edilib.
Beləliklə, 30 avqust 1922-ci il tarixi türk ulusunun imperialist güclərə qarşı qadınıyla, uşağıyla, ordusuyla verdiyi bir savaşın – Zəfər dastanının yazıldığı gündür. Bu Zəfər Türkiyə Ordusunun qəhrəmanlığının bir nümunəsidir. 30 avqust Zəfəri milli birlik və bərabərliyin nə qədər böyük güc olduğunu da bir daha təsdiqləyib.
Aradan 101 il keçsə də, qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı mübarizəsini davam etdirir. Çünki Batı imperialistləri bu gün də Türkiyənin varlığına son qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin onları bu mübarizədə də açınacaqlı məğlubiyyət gözləyir.
Çünki bu günün Türkiyəsi daha güclü, daha qətiyyətli Türkiyədir.
Çünki sayın Recep Tayyip Erdoğanın rəhbərlik etdiyi bu günün Türkiyəsi təkcə təmsil olunduğu regionda deyil, bütün dünyada aparıcı aktorlardan birinə çevrilib.
Çünki bu gün Batı imperialistlərinin şər caynağından qurtulmaq istəyən bütün xalqlar, xüsusilə də uzaq Afrika ölkələri azadlıq mübarizəsində Türkiyənin dəstəyindən güc alır.
Ən əsası bu günün Türkiyəsi qardaş Azərbaycanla birlikdə türk dünyasının şahlanışı üçün inamlı addımlar atır.
Zəfər Bayramınız mübarək! Zəfər Bayramımız mübarək!
Yeni Zəfərlər bizi gözləyir.