BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən Arslan Növrəsli və onun “Ethno Jazz” qrupu Həştərxan vilayətində “Xəzər mövsümləri” adlı klassik incəsənət üzrə Beynəlxalq Xəzər Festivalı çərçivəsində keçirilən “Azərbaycan günü”ndə Azərbaycanı uğurla təmsil edib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “festival xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevirilmək məqsədi daşıyır. Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi A.Növrəslinin Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik caz standartları, həm Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub”.
Gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.
Qeyd edık ki, “Ethno Jazz” qrupunun üzvləri tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bas-gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalovdur.