Son yeniləmə: 29 Avqust 2023 14:10
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2023-cü ilin yanvar-iyun aylarında 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 29-da KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “sərgilərdə iştiraka dəstəkdən istifadə etmək üçün bu dövrdə KOB subyektlərindən agentliyə 121 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 38 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 4 sərgidə (3-ü ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər”.
Məlumata əsasən, 2023-cü ilin yanvar-iyun aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 38 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 6 KOB-a dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı artırılaraq 6-ya çatdırılıb.